Yüklənir...
Mediatorun fəaliyyətinə müdaxilə edən və konfidensiallıq qaydalarını pozan şəxslərlə bağlı icraat prokurorun qərarı ilə başlanacaq

Mediatorun fəaliyyətinə müdaxilə edən və konfidensiallıq qaydalarını pozan şəxslərlə bağlı icraat prokurorun qərarı ilə başlanacaq

İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş 602-2.3-cü (Mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulması) və 602-2.4-cü (Mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsi) maddələri üzrə inzibati xətalar üzrə icraat prokurorun qərarı ilə başlanılacaq.

Mediasiya.az "E-huquq.az"a istinadən xəbər verir ki, bu barədə İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilir.

Qeyd edək ki, mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulması hallarına görə fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

Mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.