Yüklənir...
Mediasiya mədəniyyətinə keçid

Mediasiya mədəniyyətinə keçid

Azərbaycanda hüquqi dövlətə xas və müasir dövrün tələblərinə uyğun cəmiyyət formalaşır. Əldə edilən yeniliklərdən biri isə mediasiya prosesidir. Mediator və mediasiya təşkilatı məhkəməyə müraciət etməzdən öncə tərəflərə bir daha düşünmək şansı qazandırır. Bu yolla mübahisə tərəfləri barışığa və ya ortaq məxrəcə gələ bilir. Bu, xüsusilə də boşanma hallarının sürətlə artdığı bir zamanda cəmiyyətimiz üçün faydalı bir mexanizm hesab oluna bilər. 

Mövzu ilə bağlı  Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru, hüquqşünas Fərhad Mehdiyev sualları cavablandırıb.

- Mediasiya nədir və hansı funksiyanı yerinə yetirir? 

- Mediasiya - mübahisələrin məhkəmədən kənar danışıqlar vasitəsilə həllini nəzərdə tutan bir prosesdir. Mediasiya Təşkilatları mediatorları birləşdirən, mediasiyanın keyfiyyətli və peşəkar şəkildə həyata keçirilməsini təmin edən, mediasiyada standartları qoruyub saxlayan və onları yaxşılaşdıran qeyri-kommersiya qurumlarıdır.

- Məhkəmə ilə mediasiya, vəkil ilə mediator arasında fərq nədən ibarətdir?

- Məhkəmə ilə mediasiyanın əsas fərqi ondan ibarətdir ki, məhkəmə mübahisəni qatı sayılan qanunvericilik qaydaları daxilində həll edir. Mediator qanuna zidd həllər üçün çalışmır, lakin daha çox tərəflərin maraqlarından çıxış edir. Vəkil təmsil etdiyi tərəfin hüquqlarını maksimum səviyyədə qorumağa çalışır, mediator isə hər iki tərəfin maraqlarının təmin edilməsi üçün səy göstərir.

- Azərbaycanda mediasiya təşkilatına müraciət edənlərin sayı çoxluq təşkil edirmi? 

- Bizdə qanunvericilik tələbinə görə bütün ailə, əmək və kommersiya mübahisələrini tərəflər öz aralarında həll edə bilmədikdə və onu məhkəməyə daşımaq istədikdə, məhkəmədən əvvəl problemin həlli üçün mediasiyaya müraciət edilməlidir. Mediator bu mərhələdə tərəfləri razılığa gəlməkdə kömək edəcək. Azərbaycanda mediasiya mədəniyyəti hələ formalaşmayıb. Xaricdə isə məhkəmə xərcləri çox yüksək olduğuna görə, insanlar danışıqlarla öz problemlərini həll etməkdə daha istəklidir.

- Vətəndaşlar hansı səbəbdən mediasiya yolunu deyil, məhkəmədə üzləşməyi seçir? 

- Əslində mediasiya hüquqi məsləhət alma yeri deyil, hətta qanun mediatora tərəflərə hərtərəfli hüquqi məsləhət verməyi qadağan edir. Tərəflərin təbii ki, öz vəkillərindən hüquqi məsləhət alma hüququ olduğu üçün yaxşı olar ki, mediasiyaya müraciət etməzdən öncə vəkillə məsləhətləşsinlər. Vətəndaşların mediasiya ilə bağlı maariflənməsinə ehtiyac var. Mediasiya mədəniyyətinin formalaşması üçün bir az zaman tələb olunacaq, burada mediasiya təşkilatlarının da üzərinə müəyyən vəzifələr düşür.

 

.

Mübahisələrin mediasiya ilə həlli üçün Bakı 9 saylı Mediasiya Təşkilatına müraciət edə bilərsiniz.

Ünvan: AZ1003, Bakı şəhəri, Ziya Yusifzadə keçəsi,133 Bayıl qəsəbəsi, Səbail ray.

Tel:(+994 50)245 22 26,

(+994 70)245 22 26

(+994 12 )377 12 02/03

Faks: (+994 12)377 12 04

email: [email protected]